9 Temmuz 2018 Pazartesi

Özünü Sevməyi Unutma (Motivasiya)

Hər kəsə salamlar, təbii ki, yazılarımı oxuyan varsa ☺️. Əslində bunları kimsə oxusun deyə yazmıram, yazmaqdan zövq aldığım üçün yazıram. Beləliklə, bu dəfəki mövzum da elə məhz “mən”-dən olacaq. Son zamanlar özümü dəyişməyə, inkişaf etdirməyə daha çox can atıram. Motivasiya, özünü inkişaf, pozitiv düşüncələrlə bağlı videolara baxıram. Elə onlardan özüm üçün seçib, əməl etməyə çalışdığım bəzi qaydaları sizinlə paylaşmaq istəyirəm.
Bəzən həyatımızın qaydasında getmədiyini düşünürük, bunu özümüzə ən böyük problem edirik, gecəmizi-gündüzümüzə qatırıq... Axı niyə? Çox gözəl bilirik ki, “mükəmməl” heçnə yoxdur - ailədə, dostlarla münasibətdə, şəxsi münasibətdə hətta zaman-zaman problemlər yaşayırıq, əsas olan xırda mübahisədən belə zövq almaqdır düşünürəm. Sadəcə həyatınızı bir az da çətinləşdirib, ürəyinizdə “problem otağı”nı aktiv saxlamayın. Qoy o da xoşbəxt döyünsün. Əhvalınızı yüksəltmətə çalışın, çünki bunu sizin yerinizə heç kim etməyəcək.
·    Nə istədiyini, nəyi sevdiyini bil. Bu həm vacib, həm də ən çətin olandır. Sevdiyin iş səni sözün əsl mənasında xoşbəxt edəcək və xoşbəxtliyin üçün tükənmədən çalışmaq, irəli addım atmaq – həyatda başına gələn ən gözəl şeydir.
· Hal-hazırda yediyin faydasız qidalardan imtina et. Mağazaya girərkən ziyanı özündən də böyük olan o “balaca paketlər”ə qaçma. Onların əvəzinə alma, banan ya da başqa sevdiyin meyvələrdən yaxud da digər faydalı qidalardan al. Son zamanlar mən belə edirəm 😌. Sadəcə təbii və xeyirli qidalar. Məsələn, şəkər, un, kofedən uzaq durmağa çalış. Bol-bol su iç. Özündə qəbul et ki, su sənə hər şeydən iki qat faydalıdır.
· Yeni dil öyrənməyə başla. Bir və ya iki dil bilirsənsə bununla kifayətlənmə. Dil biliyin sənin dünyaya olan qapının açarıdı. Bundan başqa çox “cool” görünəcəksən 😍. Mən artıq başlamışam.
· Həftə sonlarından zövq almağı öyrən. Yorulmuşam, halım qalmayıb, gəzməyə vaxtım yoxdu kimi bəhanələri qoy bir qırağa. Bunları etmədikcə təmbəlləşirsən. Oturduğun yerdən qalx, hazırlaş və plansız bir şəkildə evdən çıx. Dostlarınla görüş, muzeylərə get, filmə get, idmanla məşğul ol, dünyayla əlaqəni genişləndir, ya da sadəcə tək gəz. Əsas odur ki, bir yerdə oturma. İnan bu sənin ruhuna o qədər gözəl təsir edəcək ki, gəzməyi artıq həyat tərzinə çevirəcəksən. Amma təbii ki, bu isti havalarda, günəşin hökümranlıq etdiyi saatlarda gəzmə ☀️.
· Düşüncələrini, gördüklərini yaz. Yazmaq fikrimcə hər kəsə yaxşı təsir edir. Yaxşı yazırsan, ya pis yazırsan, oxucuların var və ya yoxdu – bunu düşünmə, sadəcə yaz. Bəzən ürəyində yığılıb qalanlar hərflər vasitəsiylə çıxıb tökülür, yəni yazmaq səni yalnız rahatladacaq. Əvvəllər heç kimə deyə bilmədiklərimi bir kağıza yazıb, sonra isə cırıb tullayırdım. İndi isə bloga yazıram 📝 və bundan sonra daha çox yazmağa çalışacam. Qarşına məqsəd qoy, məqsədlərini bir yerə yaz, heç kim görməsə də “dünya” bu mesajını oxuyacaq. Əmin ol, oxuyacaq.
· Vaxtını idarə etməyə çalış. Məsələn, yuxudan duranda ilk işin telefonu əlina almaq olmasın. Bu vərdişini hətta özündən tamam uzaqlaşdır. Telefon sənin vaxtını oğurlamamalıdır, o sadəcə sənə köməkçi vasitədir. Həyatını tamamilə işğal etməsinə icazə vermə, sən ondan güclüsən. Sadəcə telefonu həyatından uzaqlaşdır, bax gör hər şeyə necə vaxt çatdırırsan. Özünə günlük plan yaz və ordakıları yerinə yetirməyə çalış. Zamanla bunu vərdiş halına gətirəcəksən. Bir işi ya et ya da başqasına yönləndir, yəni uzatma. Tez qərar verməyi öyrən.
· Sosial şəbəkələrdən uzaq dur, internetdə boş zaman keçirtmə, kompyuter oyunlarını özünə qadağan et, TV-dən özünü uzaq tut. Son xəbərləri tez oxumağa can atma, onsuz bir neçə saat sonra maraqlı xəbərlərdən hamı danışacaq. Zövq aldığın, faydalı məlumatları oxu. Mən telefonumda sosial şəbəkələrə aid olan proqramları qovluqda saxlayıram, beləliklə telefonu əlimə alanda ilk gördüyüm instagram, facebook və ya digər proqramlar olmadığı üçün heç yadıma da düşmür 📵.
· Tez durmağı özündə adət halına gətir. Zamanla tez yatmağı da öyrənəcəksən. Paradoks ondadır ki, tez duranda sən daha çox iş görə bilirsən. Təcrübəmə əsaslanaraq bu bəndi təsdiqləyirəm.
· Çalış ətrafında düzgün, səmimi, ağıllı insanlar olsun. Amma unutma ki, sən də onlara qarşı eyni olmalısan. Son zamanlar dostluqdan öyrəndiyim çox şeylər oldu. İnan ki, səmimi dostlarının olması çox gözəldir. Ətrafında heç kim yoxdursa demək problemi özündə də axtarmalısan. Səhvini düzəltmək heç vaxt gec deyil. Dostlarla canlı ünsiyyət yaratmağa çalış, tez-tez görüş, bir yerlərə get, paylaşmağı öyrən. Mesaj, telefon danışıqları, lap görüntülü danışıq belə heç vaxt canlı ünsiyyəti əvəz edə bilməz. Neqativ, pessimist insanlardan uzaq dur. Yüksəlmək üçün sənin yanınada belə xüsusiyyətli insanlar olmamalıdır.
· Həyatının hər dəqiqəsini, hər saniyəsini sev və dəyər ver.
· Səyahətin üçün “копилка” ayır. Mütləq deyil ki, səyahət üçün bu Fransa, İtalya və yaxud da İspaniya olsun. Ölkə daxili əraziləri gəz. Gözəl anları yaddaş kartında ömürlük saxla.
·        Hər gün getdiyin yolu dəyiş. Məsələn, hər zaman düşdüyün dayanacaqda deyil, ondan əvvəldə düş. İşə və ya evə başqa yolla get. Daha çox gəz (yenə də gəzmək☺️). Əvvəllər heç vaxt etmədiyin bir şeyi et. Məsələn, mən paraşutdan tullanmağı planlaşdırıram (i know it is crazy😜). Bunu etsəm mütləq paylaşacam.
· Otağını qaydaya saldığın kimi həyatını da qaydaya sal. Lazımsız əşyaları, kağızları, qeydləri tulla, hətta sənə ağırlıq verən insanları çıxart həyatından.
· Dünyanı olduğu kimi qəbul et, şikayətlənmə. Keçmişində ilişib qalma, onun sənin gələcəyinlə heç bir əlaqəsi yoxdu. Bitirdiyin məsələyə nöqtə qoymağı bacar, istəsən bu o qədər də çətin olmayacaq.
· Oxu, 📚öyrən, öyrət, özünü dəyiş və dünya da sənə eyni cavabla qayıdacaq. Özünü sev, özünü sev ki, dünya da səni sevsin.
Və bu mesajı özünə hər gün təkrar et. 

 

Miracle of May Template by Ipietoon Cute Blog Design and Bukit Gambang